Müəllifin saytda yayımlanan 1 yazısı var
Müəlliflə əlaqə vasitələri
Telefon: 
0552612072
Email: 
Sabir_aliyev_1999@mail.ru
Süni intellekt

Süni intellekt: imkanlar, perspektivlər və gözlənilən təhlükələr

Süni intellekt  maşınların, xüsusən kompüter sistemlərinin insan zəkası proseslərini simulyasiya etməsidir. Süni intellekt insan zəkasını təqlid etməyə çalışan alqoritmlərdən ibarətdir. Bir vaxtlar insanlar üçün bənzərsiz sayılan öyrənmə, məntiq, düşüncə, qavrayış, yaradıcılıq kimi hərəkətlər indi texnologiya ilə təkrarlanır və çox müxtəlif sahələrdə istifadə olunur. Sadə formada süni intellektin əsas məqsədi maşınlarda insan zəkasını təqlid etmək səyidir. Süni intellektin hədəfləri o qədər çoxdur ki, sahənin heç bir tək tərifi universal qəbul edilmir.

Ağıllı robotlar və süni varlıqlar ideyası ilk dəfə qədim Yunan miflərində meydana çıxdı. Aristotel düşüncədən istifadə edərək bəşəriyyətin öz zəkasını dərk etməsini mümkün hesab edirdi. Kökləri uzun və dərin olsa da, müasir mənada anladığımız süni intellektin tarixi bir əsrdən də az bir müddətə əhatə edir.

Süni intellekt insan səylərinin sürətini, dəqiqliyini və effektivliyini artırır. Süni intellektin “dar”  (Narrow AI) forması tez-tez tək bir vəzifəni çox yaxşı yerinə yetirməyə yönəldilir və bu maşınlar ağıllı görünsə də, ən təməl insan zəkasından daha çox məhdudiyyət altında işləyir. Bu kateqoriyaya  Google axtarış, üz tanıma proqramı,  Apple-nın “Siri”-si, Amazonun “Alexa”-i, Microsoft'un “Cortana” kimi səs köməkçisi və digər şəxsi köməkçilər, özünü idarə edən maşınlar aid ola bilər.

Bu gün eşitdiyimiz süni intellekt nümunələrinin çoxu – şahmat oynayan kompüterlərdən tutmuş özünü idarə edən avtomobillərə qədər – dərin öyrənmə prinsipi əsasında işləyir. Bu texnologiyalardan istifadə edərək kompüterlər çox miqdarda məlumatları emal etməklə və məlumatların sxemlərini tanımaqla müəyyən tapşırıqları yerinə yetirmək üçün öyrədilə bilər. Süni intellekt ilə analitik texnologiyaların fəaliyyətini yaxşılaşdıra, iqtisadi maneələri, o cümlədən dil və tərcümə maneələrini aradan qaldıra, daha yaxşı görmə, daha yaxşı anlama, daha yaxşı yaddaş və daha çox imkan əldə edə bilərik. Amazon, Microsoft, Facebook, Google (DeepMind) kimi iri şirkətlər süni intellekt araşdırmalarına ağılalmaz dərəcədə böyük məbləğlər ayırırlar. Dünya dövlətləri də süni intellektin onlara verdiyi imkanlar ilə olduqca maraqlıdırlar və bu yeniliklərə can atırlar. Süni intellekt müasir dövrdə hər şeydən əvvəl gücdür. Təkcə ABŞ qüvvələri Körfəz müharibəsi dövründə əraziyə avtomatlaşdırılmış bir logistika planlaşdırma və cədvəl aləti olan DART yerləşdirməsini misal gətirmək kifayət edər.

Çox böyük miqdarda məlumatları daha sürətli və yüksək səviyyədə təhlil etmək üçün yeni alqoritmlər hazırlanır və birləşdirilir. Bu ağıllı emal, nadir hadisələrin müəyyənləşdirilməsi və proqnozlaşdırılması, mürəkkəb sistemləri anlamaq və unikal ssenarilərin optimallaşdırılması üçün açardır. Bugünkü süni intellekt sistemləri dəqiq müəyyənləşdirilmiş bir işi yerinə yetirmək üçün öyrədilmişdir. Poker oynayan sistem şahmat oynaya bilməz, fırıldaqçılıq aşkar edən sistem avtomobil idarə edə bilməz, səhiyyə saxtakarlığını aşkar edən süni intellekt sistemi vergi saxtakarlığını dəqiq aşkar edə bilməz.

Süni intellekt üçün tətbiqlər sonsuzdur. Hər bir sənayenin süni intellekt imkanlarına yüksək tələbi var - xüsusən hüquqi yardım, patent axtarışları, risk xəbərdarlığı və tibbi araşdırma üçün istifadə edilə bilən, bu sahələrdəki suallara cavab sistemlərə ehtiyac və maraq böyükdür. Süni intellektin digər istifadəsinə aşağıdakılar daxildir: xəritəçəkmə və proqnozlaşdırma vasitələri, optimallaşdırılmış fərdi tibbi müalicə üsulları, marketinq və müştəri xidmətləri üçün danışıq botları, birja ticarəti üçün robo-məsləhətçilər, e-poçtdakı spam filtrləri, təhlükəli məzmun və ya yalan xəbərlər üçün sosial mediada izləmə vasitələri,  Spotify və Netflix-dən mahnı və ya tv-şou tövsiyələri və s. Süni intellekt fərdi tövsiyələr verən və alış seçimlərini istehlakçı ilə müzakirə edən virtual alış-veriş imkanları təmin edə, investisiya fondlarını idarə edə, maliyyə qurumlarında hansı əməliyyatların saxtalaşdırıldığını müəyyənləşdirə, sürətli və dəqiq kredit nəticələrini təmin edə, habelə məlumat-idarəetmə tapşırıqlarını avtomatlaşdıra bilər. Müştərilərinə əlavə xidmətlər və təkliflər barədə məlumat vermək üçün banklar çatbotlardan istifadə etməkdə yaxşı nəticələr əldə edirlər. Kredit almaq üçün qərar vermə, kredit limiti təyin etmək və investisiya imkanlarını müəyyənləşdirmək üçün süni intellektdən istifadə edirlər.

Süni intellektin axınına daxil edilməsində ən öndə olmuş sahələrdən biri də istehsalatdır. Sənaye robotları tək tapşırıqları yerinə yetirməklə qalmır, zamandan və puldan böyük qənaət edir. Süni intellekt təşkilatların kiberhücumlarla mübarizəsində köməkçi rol oynayır.

Süni intellekt imkanlar ilə bərabərinlə müxtəlif problemləri və müxtəlif mübahisələri də bərabərliyində gətirdi. Günümüzdə böyük problem olan və hələ uzun müddət mübahisələrə səbəb olacaq məsələlərdən biri süni intellektin insanın məşğulluğuna necə təsir göstərməsidir. Ağıllı maşınların tətbiqi ilə müəyyən işlərin avtomatlaşdırılması üçün bir çox sənayedə insanların işçi qüvvəsindən çıxarılması ilə bağlı narahatlıq var. İstehsalçılar insan əməyini maşınlarla asanlıqla əvəz edə bilər, insanların bacarıqları daha köhnəlmişdir. Özü üzərində işləyib yüksək kadr hazırlığına malik olan şəxslərin iş ilə təminatda problemləri olmayacaqdır. Bununla belə, çox böyük kütlənin işsiz qalacağı aydındır.

Digər mühahisəli mövzulardan biri də təhlükəsizlik məsələsidir. Süni intellekt istifadə edən hər hansı bir cihaz, ehtimal ki, internet qoşulmuşdur və internetə qoşulmuş cihaz təhlükəsizliyinin mükəmməl olmadığını və bəzi iri şirkətlərin böyük məlumat pozuntularını görməzdən gəldiyini nəzərə alsaq, cihazların düzgün qorunmadığı təqdirdə süni intellektin təhlükəsiz olmadığını güman etmək olar.

Süni intellektin necə bir riskə çevrilə biləcəyini düşünərkən mütəxəssislər ən çox ehtimal olunan iki ssenarini düşünür:

  1. Süni intellekt dağıdıcı bir şey etmək üçün proqramlaşdırılmışdır:

2.Süni intellekt faydalı bir şey etmək üçün proqramlaşdırılmışdır, lakin məqsədinə çatmaq üçün dağıdıcı bir metod hazırlayır.

İddia etmək olar ki, proqramlaşdırılmış qurğular özü-özlüyündə  təhlükə ola bilməz. Təhlükəli olması üçün tərtib edilmişdirsə, maşın deyil, proqramlaşdıran şəxs günahkardır. Süni intellekt hər insandan daha ağıllı olma potensialına sahib olduğuna görə, necə davranacağını əvvəlcədən müəyyənləşdirmək üçün əmin bir yolumuz yoxdur. Keçmiş texnoloji inkişafları bir əsas kimi də istifadə edə bilmərik, çünki heç vaxt istəmədən və ya bilmədən bizi üstün tuta biləcək bir şey yaratmamışıq. Qarşılaşacağımız ən yaxşı nümunə öz təkamülümüz ola bilər. İndi insanlar planeti idarə edirlər, ən güclü, sürətli və ya böyük olduğumuz üçün deyil, ən ağıllı olduğumuz üçün. Artıq ağıllı deyiliksə, idarəetmədə qalacağımıza əminik?

Bəzi insanlar ağıllı robotların bəşəriyyəti alt-üst etdiyi fantastik ssenarilər ilə məşğul olmuşdur, lakin mütəxəssislər bunun yaxınlarda narahat olmağımız lazım olan bir şey olmadığını qəbul edirlər.

Potensial risklərə baxmayaraq, hazırda süni intellekt vasitələrinin istifadəsini tənzimləyən normalar azdır. Ölkələrin bu məsələdə qanunları varsa da, adətən dolayı yolla süni intellektə aiddir. Süni intellekt bizi əvəz etmək üçün yaradılmamışdır. O, qabiliyyətlərimizi artırır və yaratdıqlarımızı inkişaf etdirir, gözdən qaçan səhvləri tapır, düzəldir, zaman və keyfiyyətdə bizi üstələyir. Ancaq bu onun insan beyninin və zəhmətinin məhsulu olduğu həqiqətini dəyişdirmir. Gələcək təbii və süni intellektin birgə fəaliyyəti nəcitəsində qurulacaq, hətta qurulmağa başlamışdır...

 

Qərbi Kaspi Universiteti

Bakalavr, Sabir Etibar oğlu Əliyev

Əlaqə nömrəsi: (055) 261-20-72

Mail ünvanı:Sabir_aliyev_1999@mail.ru

 

Müəllifin saytda yayımlanan 1 yazısı var

Müəlliflə əlaqə vasitələri


Telefon:  0552612072
Email:  Sabir_aliyev_1999@mail.ru