Gənc sahibkarlar investisiya ilə mükafatlandırıldı


Ötən il start verilən və 2030 gənci əhatə edən “New Generation” layihəsinin bağlanış mərasimi keçirilib. “Youth Inc.” sahibkarlıq proqramının “Coca-Cola” Fondunun əsas dəstəyi, Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə reallaşdırdığı layihənin bağlanış mərasimi və final mərhələsi İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə baş tutub. Tədbir müxtəlif sahələrdən olan şəxslərin və sahibkarların şəbəkələşməsi üçün də böyük imkanlar yaradıb.

“Youth Inc.” sahibkarlıq proqramından AZƏRTAC-a bildiriblər ki, “New Generation” layihəsi çərçivəsində dörd iqtisadi rayondan (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala və Gəncə-Qazax) layihənin dörd mərhələsini başa vuran 17 sahibkar investorlar qarşısında çıxışlar edərək öz bizneslərini təqdim edib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub.

Gənc sahibkarlardan Aslan Məmmədli tələbələr üçün platforma olan “Buqelemun” layihəsinə görə 10 min, Azad Həsənağa istifadəçilərin öz xidmətlərini rəqəmsallaşdıracaqları veb-saytın hazırlanması üzrə fəaliyyət göstərən “Owbike” layihəsi üçün 5 min, Cavid Əhmədov vakansiyaların ümumi toplanması və mübadiləsi üçün fəaliyyət göstərən “Vakantyer” layihəsinə görə 3 min və Elnarə Qaraxanova xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmət göstərən inklüziv uşaq bağçası - “Uğur Birlik” layihəsi üçün 2 min manat məbləğində investisiya qazanıblar. Qalib layihələrdən “Buqelemun” və “Vakantyer” Quba-Xaçmaz, “Uğur Birlik” layihəsi Gəncə-Qazax, “Owbike” layihəsi isə Abşeron iqtisadi rayonlarını təmsil edib.

Layihənin bağlanış və mükafatlandırma mərasimində çıxış edən “Youth Inc.” Sahibkarlıq Proqramının həmtəsisçisi Şahin Seyidzadə 2011-ci ildən reallaşdırılan proqramın fəaliyyəti və uğurları haqqında məlumat verib. O, 2011-ci ildə Prezident İlham Əliyevin gənclərlə görüşünün nəticəsində atılan addımın bu gün Azərbaycanda sahibkarlığın inkişafına böyük töhfələr verdiyini qeyd edib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında “New Generation” layihəsinin timsalında gənclərin sahibkarlıq fəaliyyətinə dövlət dəstəyindən danışıb. Nazir müavini ötən səkkiz il ərzində “Youth Inc.” sahibkarlıq proqramının əhatə etdiyi gənclərin qazandıqları uğurlardan və sahibkarlığın inkişafı üçün atılan addımlardan bəhs edib.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev qeyd edib ki, şirkət daim gənclərin sahibkarlıq təşəbbüslərini qiymətləndirir və fərqli yollarla dəstəkləyir. Uğurla yekunlaşmış “New Generation” layihəsi çərçivəsində hazırlanan və investisiya qazanacaq biznes layihələr bu qəbildəndir.

Avropa İttifaqının Gənc Sahibkarlar Assosiasiyasının birinci vitse-prezidenti və Qlobal Komitəsinin rəhbəri Patrik Kovaç “Youth Inc.” Sahibkarlıq proqramı tərəfindən icra edilmiş belə layihələrin Azərbaycanda gənc sahibkarların və sahibkarlıq ekosisteminin inkişafına böyük dəstək verdiyini vurğulayıb. O, yeddi ildir davam edən qarşılıqlı tərəfdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin İnnovasiyalar Agentliyinin direktoru Tural Kərimli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov, İsrailin Azərbaycandakı səfirliyinin birinci katibi və missiya rəhbərinin müavini Avital Rosenber, Prezident Administrasiyasının rəsmiləri, ABAD-ın, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin, müvafiq qurumların nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri, gənc sahibkarlar və startapçılar iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: