VİRTUAL REALLIQ İNCƏSƏNƏTİ / “DOLU BOŞLUQ”


VİRTUAL REALLIQ İNCƏSƏNƏTİ / “DOLU BOŞLUQ”

YARAT Müasir İncəsənət Məkanı ARTIM layihəsi çərçivəsində “Dolu boşluq: Virtual reallıq incəsənəti” adlı sərgini ARTIM Layihə Məkanında təqdim edir.

Açılış: 20 sentyabr, 17:00
Digər günlər: 17:00 – 21:00
ARTIM Layihə Məkanı (İçərişəhər, Böyük Qala küç., 30, 001A)
Giriş: növbə ilə

VR (virtual reallıq) – XXI əsr incəsənətinin getdikcə məşhurlaşan yeni sənət növlərindən olmaqla yanaşı, texniki vasitələrin köməkliyi ilə rəssamın yaratdığı dünyaya ekskurs təklif edir.
ARTIM Layihə Məkanı virtual reallıq sahəsində işləyən rəssamların Şahnaz Ağayeva, Sərxan Rəcəbov və Orxan Qarayevin yeni əsərlərindən ibarət “Dolu boşluq: Virtual reallıq incəsənəti” sərgisini təqdim edir. Nümayiş olunan layihələr real və virtual təcrübələr arasında olan yayınıq sərhədləri vurğulayırlar. Sərginin adı boş ARTIM məkanında toplanılan virtual layihələri xüsusi VR eynəklər vasitəsilə görmək ideyasından qaynaqlanır.

Şahnaz Ağayevanın məkana uyğunlaşan “Van Qoq. Arlda yataq otağı” layihəsi alternativ reallıq və məkan bağlılığı konseptini tədqiq edir. “Zamanın burulğanı” layihəsi rəssamın həyatın nağıla bənzər rəvayət formasında təqdimatıdır.

Orxan Qarayev “Dünyaların toqquşması” əsəri tamaşaçını həndəsi və psixodelik burulan lentlərlə hipnoz edərək, kainatda insan məfhumunun cılız olduğunu ideyasını ötürür. Rəssamın ikinci VR layihəsi “Qaçılmazlıq” adlanır və həyatda hər şeyin mənasız olması fikrini vurğulayır.

Sərxan Rəcəbovun “Virtual muzey” layihəsi bir-biri ilə konsept cəhətdən əlaqəli olmayan virtual incəsənət obyektlərini təqdim edir. Bu obyektlərin çoxu antik və klassik prototiplərdən götürülüb və üzərində müxtəlif formasiyalar nümayiş etdirilir. “Qanadlı maral” və “3D Bakı” layihələri, tanıdığımız obyektləri fərqli bucaqdan qavrama ideyasını açıqlayır.

Layihələrin həyata keçməsində rəssamlar Oculus Rift, Tilt Brush, Masterpiece və Gravity Sketch proqramlarından yararlanıblar.
“Dolu boşluq: Virtual reallıq incəsənəti” sərgisinin ərsəyə gəlməsi, insanların yüksək texnologiyalarla tanış olmasını təbliğ edən Azərbaycanın ən iri Virtual Reallıq Mərkəzi Phobia VR-ın təşkilatçılığı ilə baş tutub. Phobia VR-ın əsas məqsədlərindən biri də, virtual reallıq sahəsini incəsənət, memarlıq və təhsil sahələrində tətbiq etməkdir. Phobia VR 2017-ci ildə təsis olunub.

ARTIM (TƏRƏQQİ mənasında), incəsənətlə məşğul olan gənclərə öz layihələrini təqdim edərək onları sərgiləndirmək imkanlarını yaradır. ARTIM Layihələr Mərkəzi – İçərişəhərdə yerləşən dinamik məkandır. ARTIM Layihələr Mərkəzinin məqsədi yerli və xarici sənətçilərin yeni və eksperimental sənət yanaşmalarının aşkarlanması və geniş ictimaiyyətə təqdim edilməsindən ibarətdir.