Səhvlər öyrənməyin açarıdır


     Səhvlər öyrənməyin açarıdır

    Yeni bir şeyə cəhd etmək demək olar ki, bir çox xətalarla nəticələnir. Beynimiz keçmişdəki kobud səhvlərimizi yaddaşda saxlayır. Daha sonra biz gələcəkdə daha uğurlu cəhdlər edə bilmək üçün bu səhvlərimizdən nümunə götürürük.

David Herzfeld təzəlikcə müəyyən edilən yaddaş növünü kəşf etmişdir. Baltimor şəhərindəki  Cons Hopkins Tibb Universitetində biotibbi mühəndis olaraq çalışan David Herzfeld mühəndislik və texnologiyanı birləşdirərək səhiyyəyə yardım göstərmişdir.

Yeni tədqiqatında Herzfeld insanları sadə bir video oyunu oynamağa dəvət etmişdir. İştirakçılar robot qolunu hərəkət etdirərək, kursoru ekranın üstündən hərəkət etdirməli idilər. Onlar  diqqətlərini  kompüter ekranına cəmləməli və ekranda gördükləri nöqtəni hədəfə doğru aparmalı idilər.

Bu çox asan səslənir, amma tədqiqatçılar bu yolda bəzi çətinliklər də qoymuşdular. Məsələn, birinci sınaqda iştirakçılar robot qolunu düz irəli hərəkət etdirməli idilər. Bəzi hallarda kursor qoldan daha daha çox hərəkət edirdi, bəzən isə əksinə, daha az hərəkət edirdi. Bu xətalar hər dəfə eyni istiqamətdə baş verdiyi zaman iştirakçılar bunu xatırlayırdılar və hər cəhddə hərəkətlərini biraz daha düzəldirdilər. Bu, onların bacarıqlarını təkmilləşdirərək hədəfə çatmaqlarına kömək edirdi. Amma bu xətalar istiqaməti dəyişdirəndə, yəni uzaqlaşdıranda ya da yaxınlaşdıranda iştirakçılar artıq onlara məhəl qoymadılar.

Herzfeld bunu ox atma oyununa bənzədir. O deyir ki, ilk dəfə atanda oxu alçaqdan atırsınız. Növbəti  cəhdinizdə səhvinizi düzəltməyə çalışdığınızda oxu daha yüksəkdən atırsınız. Belə etməklə siz artıq başqa istiqamətdə səhvlər edəcəksiniz. Əgər belə səhvlər ard-arda yenə baş verərsə, beyniniz bu səhvlərə məhəl qoymayacaq və onları düzəltməyi dayandıracaqdır.

Amma daha sonra ola bilsin ki, oxları daha da alçaqdan atasınız. Herzfeld də bilmək istəyir ki, bəs bundan sonra nə baş verəcək? Beyin əvvəlki xətanı xatırlayıb oxu alçaqdan atmağı düzəldəcəkmi?

Herzfeld beyinin, həqiqətən də, xətaları yaddaşda saxlayıb saxlamadığını anlamaq üçün ikinci tədqiqatı keçirir. Oyunçular robot qolunu irəliyə hərəkət etdiklərində o, 30 dərəcə (dairənin 20-də 1i qədər) fırlanır. Bir qrup saat əqrəbi istiqamətində fırlanmanın, digər qrup isə  saat əqrəbinin əksi istiqmətində fırlanmanın şahidi olmuşdur. Növbəti mərhələdə hər iki qrupda heç bir hərəkət olmayıb – robot qolu düz istiqamətdə hərəkət edib. Üçüncü mərhələdə isə qol saat əqrəbinin əksi istiqmətində hərəkət edib (hər iki qrupda).

Herzfeld aşkar edib ki,  hər iki qrup axırıncı əks istiqamətli fırlanmadan əvvəl hədəfi vurublar. Amma Herzfeld bu nəticəni birinci qrupdan gözləyirdi. Çünki onlar eyni fırlanmanı birinci mərhələdə etmişdilər. Beləliklə, etdikləri xətanı yadda saxlayıb növbəti dəfə səhvlərini lazımı qaydada düzəltdilər.

Təəccüblüsü budur ki, birinci mərhələdə əks fırlanma edən qrup da səhvini düzəldə bildi. Herzfeld bunu “metaöyrənmə” nümunəsi hesab edir. Bu, biz xətanı bir situasiyadan yadda saxlayıb digər situasiyalara tətbiq etdiyimiz zaman baş verir.

Belə olduqda, oyunçular birinci mərhələdəki saat əqrəbi istiqamətində olan fırlanmanı yadda saxlayır. Robot qolu fırlanmanı dayandırdığı zaman onlar fırlanmanı düzəltmək üçün yeni bir xəta edirlər. Üçüncü mərhələdə istiqamət yenidən dəyişəndə isə iştirakçılar birinci mərhələdə öyrəndiklərini tətbiq etməyə başlayırlar.

Herzfeld deyir ki, birinci mərhələ ilə ikinci arasında olan dəyişiklik öyrənmə prosesinin vacib hissəsidir. İştirakçılar bu iki mərhələ arasında uzun müddətlik fasilə hiss etdiklərində bunun keçmiş xətalarla eyni olmadığını anladılar və ləngimə vaxtı iştirakçılar nə öyrəndiklərini unutdular.

Sietl şəhərindəki Vaşinqton Universitetində neyroalim işləyən və tədqiqatda daxil olmayan  Farrel Robinson bunun  həyəcanverici bir kəşf olduğunu söyləyir. Bu tədqiqat motor bacarıqlarda səhvlərin tarixçəsinin nə məna kəsb etdiyini göstərən ilk tədqiqatdır.

Növbəti dəfə yeni bir şey etməyə cəhd etdiyiniz zaman cəsarətli olun. Səhvlər edin. Səhvlər sadəcə daha sürətli öyrənməyinizə kömək edir.

 

buqelemun.com | Sizin təhsil şəbəkəniz

QeydYazı kopyalanarkən www.buqelemun.com -a istinad olunmalıdır