Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib


Dekabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman nazirliklərinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yüzlərlə gəncin və bütün könüllü təşkilatlarının təmsil olunduğu Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib.

Həmrəylik Festivalında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “KOB Könüllüləri” fəaliyyət proqramının iştirakçıları olan könüllüləri də iştirak ediblər. Agentliyin “KOB Könüllüləri” faəliyyət proqramını əks etdirən stendində məlumatverici buklet və hədiyyələr sərgi ziyarətçilərinə təqdim olunub.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclərin Dünya Assambleyası beynəlxalq təşkilatının baş katibi Ediola Paşollari, Rusiya Federasiyasının Milli Gənclər Şurasının sədri Qriqori Petuşkov iştirak edərək stendlərlə tanış olublar.

Tədbirdə “KOB Könüllüləri” ilə yanaşı “ASAN Könüllüləri”nin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, “Formula 1 Könüllüləri”nin, "Aqrar İnkişaf Könüllüləri"nin və “Bir Könüllüləri”nin nümayəndələri təmsil etdikləri qurumların stendləri ilə iştirak ediblər. Sonra Azərbaycan Respublikası Gənclər Fondunun “Gənc könüllü” proqramının təqdimatı olub.

Rəsmi hissədən sonra festival işini “Tələbə və gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, Könüllülük hərəkatının inkişafı sahəsində real uğur nümunələri”, “İnklüziv könüllülük - könüllülüyü ictimaiyyətə necə açıq etmək olar?” və “Könüllülük sahəsində beynəlxalq təcrübə və standartlar” mövzularında paralel sessiyalarla davam etdirib.

Festival çərçivəsində, həmçinin Bakı Konqres Mərkəzinin foyesində oyun, əyləncə və intellektual zonalar yaradılıb, gənclər arasında müxtəlif maraqlı oyunlar və müsabiqələr keçirilib, fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Festival çərçivəsində, həmçinin il ərzində yüksək fəallıq göstərən 100 gənc üçün Şamaxıda ikigünlük qış düşərgəsində iştirak etmək üçün Agentliyin 5 nəfər fəal könüllüsü seçilib.


Buqelemunu digər sosial şəbəkələrdə də izləyin: