"Qarabağ şivələrinin lüğət tərkibi"


 Azərbaycanda ilk dəfə TƏLƏBƏLƏR "Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlanan kitab hazırlayıb .

Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi” adlanan elmi araşdırmalar toplusunun ilk nüsxəsi işıq üzü görüb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva kitaba yazdığı ön sözdə tələbələrin bu nailiyyətini dilçiliyin, dialektologiya sahəsinin inkişafına verilmiş böyük töhfə adlandırıb.

Kitabın elmi redaktoru, MDU-nun Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov "Azərbaycan dilinin Qarabağ şivələrinin lüğət tərkibi" toplusunda 3711 söz üzərində araşdırma aparıldığını deyib: "O sözlər Ağdam, Cəbrayıl, Zəngilan, Şuşa, Ağcabədi, Füzuli, Zəngilan, Kəlbəcər və qismən Tərtər rayonları ərazisində mövcud olan şivə və dialektləri özündə birləşdirir. Əsərdə sözlərin qramatik quruluşu, transkripsiyası və məzmunu elmi əsasını tapıb".

N.Manafov əlavə edib ki, tələbələrin bu uğurunun təməlində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” dayandığını bildirir: "Dövlət Proqramında Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaradıcı vətənpərvər gənclərimiz də məhz bu amili nəzərə alaraq bir qədər də irəli gedib. Onlar öyrənməklə yanaşı digərlərini də öyrədə biləcək bir dəyərli elmi toplu hazırlayıblar".