“Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulum


Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “Kənd təsərrüfatında logistika” ixtisası üzrə yeni kurikulumun hazırlanmasına dair işçi qrupun ilk görüşü keçirilib.

“Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi proqramı” çərçivəsində keçirilən tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Gilan Holdinq”,  Alman-Azərbaycan Ticarət Palatası, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim-Tədris Mərkəzi və “Şəmkir Aqropark” MMC-nin nümayəndələri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) yerli və beynəlxalq ekspertləri iştirak edib.

Görüşdə kənd təsərrüfatı sahəsində logistika və saxlama kameraları üzrə yeni kurikulumun hazırlanması, peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə işəgötürənlərin kurikulumların hazırlanmasına cəlb olunması, beynəlxalq ekspertlərin iştirakı ilə təlimlərin keçirilməsi və digər məsələlərə dair razılıq əldə edilib.

Qeyd edək ki, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Peşə Təhsili və Təlimi Proqramı” GİZ tərəfindən icra olunur.